Qərbi Azərbaycana qayıdış, xalqımızın milli maraqları və tarixi ədalətin bərpası baxımından strateji əhəmiyyət daşıyır. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi, qədim dövrlərdən etibarən Azərbaycan türklərinin tarixi və mədəniyyət mərkəzlərindən biri olmuşdur.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Azərbaycan dövləti, həm daxili siyasətində, həm də beynəlxalq aləmdə bu istiqamətdə mühüm addımlar atmışdır. Bu siyasət, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların hüquqlarını müdafiə etməyə yönəlmişdir. 2020-ci ilin Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər, bu məsələnin beynəlxalq müstəvidə müzakirəsinə şərait yaratmışdır. 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması isə bu prosesin təşkilati bazasını gücləndirmişdir. İcmanın əsas məqsədi, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qorumaq və onların tarixi torpaqlarına qayıdışını təmin etməkdir.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması, mövzunun dövlət səviyyəsində daha effektiv və sistemli şəkildə həllini təmin edəcəkdir. Təşəbbüs Qrupu, həmçinin qayıdış prosesinin hüquqi və siyasi çərçivəsinin formalaşdırılmasına kömək edəcək, ölkədaxili həmrəyliyi gücləndirəcək və beynəlxalq müstəvidə Azərbaycanın hüquqlarının müdafiəsinə dəstək verəcəkdir.

Qərbi Azərbaycana qayıdış, Azərbaycanın strateji hədəflərindən birinin reallaşdırılması üçün mühüm addımdır. Bu, həm daxili, həm də beynəlxalq səviyyədə azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsini gündəmdə  saxlayacaq və Azərbaycanın tarixi ədalət mübarizəsində mühüm mərhələni təşkil edəcəkdir.

Ermənistanın, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına qarşı çıxması, regionda dayanıqlı sülhün bərqərar olmasına əngəl yaradır. Lakin Azərbaycanın hərbi və siyasi üstünlüyü, Qarabağ məsələsində əldə etdiyi uğurlar, qayıdış prosesinə təkan verə bilər.

Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Etnik təmizləmə və zorakı deportasiyalar beynəlxalq hüquq normalarına ziddir və müharibə cinayətləri kateqoriyasına daxildir. Azərbaycan dövləti, beynəlxalq prinsiplərə əsaslanaraq, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qoruyur və onların Qərbi Azərbaycana təhlükəsiz qayıdışını təmin etmək üçün diplomatik və hüquqi addımlarını davam etdirir.

Dünya dövlətləri, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistanın qeyri-konstruktiv addımlarına qarşı lazımi reaksiya vermir və bu məsələyə kifayət qədər diqqət yetirmirlər. Bu vəziyyət, beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, regionda dayanıqlı sülhün bərqərar olmasına maneə yaradır. Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi bölgədə sülh və sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir.

Qərbi Azərbaycana qayıdış, həmçinin tarixi ədalətin bərpası və milli birliyin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu proses, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Xalqımızın tarixi yaddaşı, dövlətin güclü siyasi iradəsi və beynəlxalq hüququn prinsipləri əsasında bu hədəfin reallaşması mümkündür. Qayıdışın təmin edilməsi, yalnız Ermənistanın deyil, həm də dünya ictimaiyyətinin üzləşəcəyi yeni bir ədalət nümunəsi olacaqdır.