"MİDA-nın onlayn mənzil satışında əsas parametr ilk mənzilin neçənci saniyədə satılmasıdır. Onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında  2 parametr var. Bu, mənzilin sistemdə tapılaraq baxış keçirilməsi və mənzilin təsdiqlənməsidir".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. Onun sözlərinə hörə, mənzilin  baxış üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir:

"Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir. Yəni, iddiaçı mənzilə baxış edirsə,  artıq o daha tez sistemə daxil olub, axtarış verib, mənzili tapıb, artıq onu gözaltı edib və bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni, bu parametr əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər. İkinci parametr məhz baxış keçirilən mənzilin seçiminin, alışının təsdiqlənməsidir. Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə,  yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr ilk satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir. MİDA-nın açıqladığı  hesabatların və statistikaların  əksəriyyətində bu parametrlər görünür".

O.Gündüz MİDA-nın indiyədək olan satışlarında ilk mənzil seçimi ilə bağlı statistikanı təqdim edib.

MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan ilk mənzilin baxış üçün  seçilməsi müddəti aşağıdakı kimi olub:

06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil

16.12.2023, (Hövsan, 1-ci)  32-ci saniyədə

16.12.2023, (Hövsan, 2-ci)  22-ci saniyədə

16.12.2023, (Gəncə) 28 -ci saniyədə

16.12.2023, (Sumqayıt) 30-cu saniyə

29.07.2023, (Yasamal)  29-cu saniyədə

29.07.2023, (Hövsan ) 30-cu saniyədə

24.09.2022, (Yasamal) 30-cu saniyədə

15.09.2022  - Satış baş tutmayıb

30.03.2022 - Satışın nəticələri ləğv edilib

01.07.2021, (Hövsan )   5-ci   saniyədə

18.12.2020, (Hövsan )   10-cu saniyədə

10.09.2020, (Hövsan)    10-cu saniyədə

30.06.2020, (Hövsan)     11-ci saniyədə

25.12.2019, (Yasamal)    11-ci saniyədə

16.10.2019, (Yasamal)    9-cu saniyədə

12.07.2019, (Yasamal)    4-cü saniyədə

29.04.2019, (Yasamal)    4-cü saniyədə

25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb

05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb

"Cədvəldən görünür ki, MİDA-nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub. DTX və MİDA 30.03.2022-ci  tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu. Məhz bundan sonra 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib. MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından  əhəmiyyətlidir. Lakin İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib", - deyə ekspert vurğulayıb.