Uşaqların ad və soyadlarının dəyişdirilməsinə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda baxılması təklif edilir.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva çıxış edib.
O bildirib ki, bundan öncə həmin prosesə icra hakimiyyətləri yanındakı Qəyyumluq və Himəyəçilik komissiyaları həyata keçirir:
“Çünki Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əsasnaməsinbdə bununla bağlı maddə yoxdur. Bu məsələnin də həmin komissiyaya tapşırılmasını təklif edirəm”.
R.Vəliyeva hqeyd edib ki, daxili miqrasiya ilə əlaqədar xüsusilə Bakı şəhərində qeydiyyatsız yaşayan uşaqların sayı çoxdur: “Bu, onların təhsil və bəzi sosial hüquqlarının təmin edilməsinə çətinlik yaradır. Əvvəl həmin uşaqlar yerli polis şöbələrində qeydiyyata salınırdı. İndi bu aradan qaldırılıb və biz çox çətinlik çəkirik. Valideynlər isə tənbəllik edərək hətta uşaq artıq ali məktəbə sənəd verməyə hazırlaşanda onun Bakıda qeydiyyata salınması üçün müraciət edirlər. Uşaqların hər hansı yaxın qohumlarının, tanışlarının evinə müvəqqəti də olsa qeydiyyata salınması üçün komissiyaların səlahiyyəti olarsa, bu problem həllini tapa bilər”.
Anar Kəlbiyev