Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Qobustan qəsəbəsində keçirilib.

“Unikal" xəbər verir ki, qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edib.

Görüşdə 90-dan çox sakin müxtəlif məsələlərlə çıxış edərək problemlərinin həlli üçün rəhbərlikdən dəstək istəyib.

Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək qaldırılan məsələlər barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib və bir çox müraciətlər yerindəcə həll edilib.

Qəbul zamanı əsasən yol infrastrukturu, su təminatı, təmizlik işləri və yaşıllaşdırma sahələrində problemlər önə çıxıb. Qəsəbə sakinləri, Qobustan qəsəbəsinin müxtəlif hissələrindəki yol təmir və asfaltlaşdırma işlərinin tamamlanmasını, həmçinin suyun keyfiyyətinin yaxşılaşdırılmasını istəyib.

Qəbuldan sonra Süleyman Mikayılov Qobustan qəsəbəsindəki digər problemləri yerindəcə qiymətləndirib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şəxslərə tapşırıqlarını verib.