Danimarkanın Saxo Bankı illik hesabatını dərc edib və 2025-ci ildə qlobal maliyyə bazarlarını sarsıda biləcək mümkün hadisələri araşdırıb.

"Unikal" xəbər verir ki, investisiya bankının proqnozuna görə, yeni Donald Tramp administrasiyası İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin köməyi ilə idxala ağır tariflər tətbiq etdiyi və dövlət xərclərini azaltdığı üçün dünya gələn il ABŞ dollarına alternativlər axtaracaq.

Saxo Bankın baş makroiqtisadi strateqi Con Hardi deyib: "Qlobal ticarətdə ABŞ dolları üçün bu addımın nəticələri ağır olacaq, çünki qlobal dollar sistemini saxlamaq üçün lazım olan dollar təchizatı kəsiləcək və bu, paradoksal olaraq dolların məzənnəsində müvəqqəti və qısa sıçrayışa səbəb ola bilər". 

Hesabata görə, uzunmüddətli perspektivdə kriptovalyuta bazarının dəyəri dörd dəfə artaraq 10 trilyon dolları keçəcək, dollar isə əsas valyutalara nisbətən 20 faiz, qızıla qarşı isə 30 faiz ucuzlaşacaq.

Kopenhagendə yerləşən bankın hesabatında deyilir ki, qlobal bazarları sarsıda biləcək digər hadisə Çinin 2025-ci ildə və ondan sonrakı illərdə 50 trilyon yuan (7 trilyon dollar) maliyyə stimulunun tətbiqi olacaq.

Ağarza Elçinoğlu