Bu günlərdə Aqrar Sığorta daha iki rayonda – Cəlilabad və Biləsuvarda əkin sahələrinə dəymiş zərər üzrə növbəti aqrar sığorta ödənişlərini həyata keçirib.

"Unikal" xəbər verir ki, sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər, xüsusilə də Cəlilabad və Biləsuvarda fəaliyyət göstərən təsərrüfat sahibləri cüzi ödəniş etməklə təsərrüfatlarını böyük məbləğə sığortalaya bilərlər.
Cəlilabad rayonundan olan fermer Lətif Ağayev 9,26 hektar buğda sahəsini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığortalayıb, bunun üçün 151 manat sığorta haqqı ödəyib. Ərazidə baş vermiş sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə ciddi zərər dəyib. Nəticədə fermerə azadolma məbləği çıxılmaqla 8 598 manat məbləğində sığorta ödənişi edilib.
Fermerə ödənilən zərər ödənişi onun həmin sahəni sığortalamaq üçün ödədiyi sığorta haqqından 57 dəfə artıq olub. Başqa sözlə, fermer Aqrar Sığorta Fonduna ödədiyi hər 1 manat sığorta haqqı qarşılığında Fonddan 57 manat sığorta ödənişi alıb.
Sığorta ödənişi edilən digər sahibkar Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən olan fermer Etibar Əcəmov olub. Fermer 20 hektar buğda sahəsini Aqrar Sığorta Fondunda sığortalayaraq 141 manat sığorta haqqı ödəyib. Əraziyə vəhşi heyvanların hücum etməsi nəticəsində əkin sahəsinin bir hissəsinə zərər dəyib. Nəticədə Aqrar Sığorta Fondu tərəfindən fermerə 1 802 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Əkin sahəsinin bir hissəsinə dəymiş zərərə görə fermerə ödənilən sığorta ödənişi onun həmin sahəni sığortalamaq üçün ödədiyi sığorta haqqından 13 dəfə artıq olub.
Ödəniş alan fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən razılıqlarını bildirib, digər fermer həmkarlarını da bu imkandan istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıblar.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində və "Bitkiçilik kalkulyator"u vasitəsilə ətraflı tanış olmaq mümkündür.
 
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsindən əldə etmək olar.