Rostov vilayətində yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Vyatskaya 41/1" ünvanında yerləşən 9-cu mərtəbədə mənzilin yanması barədə saat 19:01-də xəbər daxil olub. Hadisə yerində 3 nəfər xilas edilsə də, 3 nəfərin meyiti aşkar olunub. Onların şəxsiyyəti hələlik müəyyənləşdirilmir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın 19:50-də lokallaşdırılıb, yanğının ümumi sahəsi isə 40 kvadratmetr təşkil edib. Yanğın söndürülməsinə 33 nəfər və 11 texnika cəlb olunub.

İdarə daha sonra yanğının tamamilə söndürüldüyünü açıqlayıb. Hazırda yanğın baş verən ərazidə Rusiya Fövqəladə Hallar Nazirliyinin müstəntiqləri araşdırma aparır.