Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasında rəsmi səfərdədir. Səfər çərçivəsində qubernator İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 10-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Unikal" xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıb, məzarı üzərinə gül dəstələr düzüblər.

* * *

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

            * * *
Daha sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 10-da işğaldan azad olunan Qubadlı rayonuna səfər edib. Qonaqları Zəngilan Beynəlxalq Hava Limanında Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb.

Nümayəndə heyəti hava limanı ilə tanışlıqdan sonra Qubadlı rayonunun Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçirib.

Məlumat verilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri görülür. Hazırda yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40,27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır.  Vurğulanıb ki, üç korpus və iki mərtəbədən ibarət olacaq 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.

Qonaqları səfərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.