“Bütün hallarda vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmalıdır”.

"Unikal" xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev İTV-nin efirində saxta plastik cərrahlarla bağlı açıqlamasında deyib.

“Bilinməlidir ki, sosial şəbəkədə, internetdə parlaq, cəlbedici görünən reklam, çağırış yalan, çaşdırıcı ola bilər və vətəndaşın təhlükəyə məruz qalmasına səbəb ola bilər. Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu. Təzyilərin araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Həmin şəxsləri bir-bir dəvət etdik. Onlar bu paylaşımların dayandırılması üçün Qənirə xanıma müxtəlif formalarda mesajlar yazıb.Bunun araşdırılması davam edir.

Qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, bu iddianı yayan şəxsə qarşı təzyiq etməyi üstün tutublar. Yayılan məlumatın dezinformasiya olmasını sübuta yetirən bircə fakt yoxdur. O həkimlərin biri çıxıb sosial şəbəkədə bu məsələlərə cavab vermədi. Diplomun, sertifikatın yoxdur deyirsə, sertifikat, diplom təqdim et.

DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxunun sonradan susdurulması prosesi var. Zərərçəkmiş müraciətindən imtina edir ki, həkimlə arasındakı anlaşılmazlıq aradan qalxıb. 

Bütövlükdə, cəmiyyət olaraq biz hüququn işləyə biləcəyi formada qaydaları tənzim etməliyik. Qanunsuz fəaliyyət göstərirsənsə, cəza təhdidi var. 

Dövlətin bu sahədə konkret mövqeyi var. Adiyyəti üzrə tapşırıqlar verilib. Aidiyyəti dövlət qurumları ilə - Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən ciddi tərdbirlərin görülməsi üçün işlər davam etdirilir. Bu əməllə məşğul olanlar, məşğul olmaq arzusunda olanlar diqqətli olsunlar, cəzalanmalar olacaq", - deyə E.Hacıyev qeyd edib.

O, vətəndaşlardan sosial şəbəkələrdəki reklamlarla bağlı diqqətli olmalarını istəyib.