Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçdə keçirilən genişmiqyaslı beynəlxalq tədbirdə iştirak edib.

"Unikal" xəbər verir ki, İsveçin Kral Texnologiya İnstitutunda (Royal Institute of Technology, KTH) baş tutan beynəlxalq tədbirdə ATMU-nu universitetin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı təmsil edib. Tədbirin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, eyni zamanda innovativ yanaşmanın təkmilləşdirilməsi olub.

Görüşün ilk günündə layihənin əsas məqsədləri və perspektivləri ətraflı müzakirə olunub. İsveçin sahibkarlıq təhsili sahəsindəki təcrübəsi diqqətə çatdırılıb. Gənclər arasında sahibkarlıq bacarıqlarının və innovativ düşüncə tərzinin inkişaf etdirilməsinə dair tətbiq olunan strategiyalar haqqında məlumat verilib.

Sonrakı günlərdə İspaniya, Portuqaliya, Polşa və Estoniyadan olan ekspertlər öz ölkələrinin ali təhsildə təşəbbüskarlıq və innovativ yanaşmalarına dair təcrübələri barədə xüsusi təqdimatlarla çıxış ediblər. Daha sonra bu təqdimatlar əsasında müzakirələr baş tutub.

Səfər zamanı Azərbaycan ali təhsil məkanı üçün innovativlik strategiyasının hazırlanması və müvafiq istiqamətlər üzrə mükafatların təsis edilməsi ilə bağlı müzakirələr aparılıb, komandalar formalaşdırılıb, eləcə də komandaların iş planı təsdiqlənib.

ATMU-nun bu tədbirdə təmsil olunması universitetin beynəlxalq fəaliyyət dairəsinin genişlənməsinin, akademik əməkdaşlıq imkanlarının artmasının və innovativ tədris yanaşmalarının inkişafına verdiyi töhfənin göstəricisidir. Bu tədbir ATMU-nun beynəlxalq aləmdə nüfuzunun artmasına, elmi arenada tanınmasına, rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsinə və təhsil sistemində yeni yanaşmaların tətbiqinə zəmin yaradır. Həmçinin Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin təcrübəsinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin koordinatoru Mingəçevir Dövlət Universitetidir. 

Layihənin Azərbaycandan olan tərəfdaşları ATMU ilə yanaşı Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır. Layihənin Assosiativ tərəfdaşları Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və Azərbaycan HR İnstututudur.

Layihənin Avropa İttifaqından olan tərəfdaşları İsveçin KTH Kral Texnologiya Universiteti, Portuqaliyanın Lissabon Universiteti, İspaniyanın Kataloniya Politexnik Universiteti, Estoniyanın Tallin Texnologiya Universiteti və Polşanın WSG Universitetidir.