Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Unikal" xəbər verir ki, 08 dekabr 2024-cü il tarixində Zirə Mədəniyyət Mərkəzi “EKO-PARK”-da keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, İctimai Şuranın üzvü, tarixçi alim Təvəkkül Səlimov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, rayonun idarə-təşkilat, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıblar.

Tədbirdə çıxış edən Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. İstər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edərək ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edərək, Ulu Öndərin şah əsəri müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirilir.

Şanlı zəfər yolundan söz açan E.Salahov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilərək, ərazi bütövlüyümüzün bərpası edilməsi olub. 2020-ci ildə Vətən müharibəsində bu şanlı zəfəri bizlərə bəxş edən cənab Ali Baş Komandan İlham Əliyev, müzəffər ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizin sayəsində bu arzunun çin olduğunu vurğulayıb. Qarabağın döyünən ürəyi sayılan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil olduğunu qeyd edib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, 149 nömrəli tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva, 156 nömrəli tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova və rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu qeyd ediblər. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, onun həyatı barədə danışıblar və Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.