Suriya prezidenti Bəşər Əsəd Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" anonim mənbələrə istinadən məlumat yayb.
Qəzetin yazdığına görə, Rusiya kəşfiyyatı Əsəd və ailəsini Suriyadakı Rusiya aviabazasından keçirib. Əsədin gedişi zamanı onun təyyarəsinin transponderi söndürülüb ki, onu izləmək mümkün olmasın.
"Bloomberg"in üç mənbəsi qeyd edib ki, Rusiya kəşfiyyatı Əsədi silahlı üsyançılara qarşı mübarizədə uduzacağına inandırıb. Ona “dərhal” razılaşarsa, təhlükəsiz şəkildə getməyi təklif ediblər.
Noyabrın 28-də silahlı Suriya müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçib. Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Homs, Həmanı işğal ediblər və Suriyanın paytaxtı Dəməşqə yaxınlaşıblar. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri (SDQ) Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. “Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Sonradan məlum olub ki, Suriyanın eks-prezidenti Moskvaya ailə üzvləri ilə birlikdə gəlib. Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə sığınacaq verməyə şəxsən qərar verib.
Gülayə Mecid