"Azercell"in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib.

"Unikal" xəbər verir ki, sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın (ANSI National Accreditation Board) akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri "Azercell"in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib. 

ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə tanınan yeganə standartdır və 2016-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmışdır. Sertifikat "Azercell"in antikorrupsiya fəaliyyətinə və şəffaflığın təmin edilməsinə yetirdiyi diqqəti, korrupsiyaya qarşı mübarizədə yerli qanunlara, beynəlxalq standartlara, habelə qabaqcıl  təcrübələrə sadiqliyini təsdiq edir. Eyni zamanda, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərən "Azercell", tərəfdaşları ilə şəffaf və etibarlı işgüzar münasibətlər qurmaqla biznes etikası mədəniyyətinin inkişafına da  töhfəsini verir.

Qeyd edək ki, 2020-ci ildən etibarən ISO 37001 standartına uyğunluq sertifikatına sahib olan "Azercell", həmçinin yerli telekommunikasiya bazarında bu sertifikatlaşmadan uğurla keçən ilk şirkətdir.