Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qadağa qoyulub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Quliyeva Xumar Məzahir qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, Xoşqədəm Hidayətqızı tərəfindən şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların yayılması
hərəkətlərinə məruz qalıb.

Şikayətçi qeyd edib ki, bu hal itkin düşən qardaşlar Mahir və İldırım Cəbrayılovlar barəsində danışılan verilişlərdə baş verib. Belə ki, Mahir 1997-ci ildə,
İldırım isə 2004-ci ildə Litvanın paytaxtı Vilnüs şəhərində itkin düşüblər. Bu günə qədər aqibətləri məlum deyil. X.Quliyev onlardan yalnız Mahiri uzaq qohumu olan Rəna xanımın vasitəsilə tanıyıb. 

1991-ci ildə Mahir öz dostları ilə bərabər onun oğlu Cavidanın kiçik toy məclisində iştirak edib. Həmin vaxtdan etibarən Mahirlə yaxın əlaqəsi, mütəmadi ünsiyyəti olmayıb. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı onun oğlunun kiçik toy məclisini əks etdirən videogörüntüləri sırf Mahirin və onun həmin videoda görünməsi səbəbi ilə X.Quliyevanın razılığı olmadan efir vasitəsilə yayımlayıb.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən iclasda bu barədə birtərəfli efir müzakirələrinin aparılmasının 1 ay müddətinə “ARB” TV-yə və “Səni Axtarıram” adlı verilişin lahiyə rəhbəri və aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsi ilə bağlı qərar verilib. Müvəqqəti təminat tədbiri 11.01.2025-ci il tarixdən qüvvədən düşür.

Murad İbrahimli