Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Anım günündə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilat kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

"Unikal" xəbər verir ki, daha sonra Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında YAP Ağstafa rayon Təşkilatı ilə birgə təşkil olunan “12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım günüdür” mövzusunda ümumrayon tədbiri keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısı qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev ömrünü Vətənin rifahına fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Ulu Öndərin bizə qoyduğu güclü Azərbaycan bu gün Onun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Azərbaycanı daim zirvələrdə görmək istəyən və buna nail olan Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması idi. Bu gün reallaşan bu arzularla suveren ölkəmiz dünyada zəfərlərdən-zəfərlərə doğru ucalır.

Sonra YAP Ağstafa rayon Təşkilatının sədri Etibar Hacıyev, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Qırılı kənd tam orta məktəbin müəllimi Gözəl Rzayeva və Bakı Dövlət Universitetinin professoru Valeh Nəsibov çıxış edərək dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolu, xalq və Vətən qarşısındakı misilisiz xidmətlərindən söz açıblar. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev tarix yaradan şəxsiyyət idi. Onun uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın müstəqilliyi dönməz və əbədi xarakter almışdır. 

Tədbirdə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri - Faiq Vəlizadə, Gülər Həsənli, İlkin Hüseynli və Aytac Məmmədovanın təqdimatında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ədəbi–bədii kompozisiya nümayiş etdirilib.