Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi professor Vaqif Şadlinski, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində misilsiz rolundan bəhs edib, onun xalqımızın milli qürur mənbəyinə çevrilən lider olduğunu deyiblər. Qeyd olunub ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsası qoyulan dinamik inkişaf prosesi Azərbaycanın gələcək tərəqqisinin təməlini qoyub.
Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyevin xilaskar ömrü” adlı film nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı bədii qiraətlə, xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.