"Müəyyən qüvvələr ölkəmizdə müharibə istəyirdi. İstəyirdilər ki, Gürcüstan Rusiyaya qarşı ikinci cəbhə olsun. Biz öz ölkəmizin milli maraqlarnı qorumalıydıq və belə addımları atmadıq".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Mirşahinin vaxtı" verilişinə müsahibəsində deyib.
"Görünür, həmin qüvvələrin diktələri həyata keçmədiyi üçün onlar bizi cəzalandırmaq istəyir. Ancaq real olaraq onların resursları çox məhduddur. Təəssüf ki, bu qüvələrin həm Aİ-yə, həm də ABŞ administrasiyasına müəyyən təsirləri var. Ümid edirik ki, bunlar gələn ildən - Donald Trampın prezidentliyi dövründə əhəmiyyətli dərəcədə dəyişəcək. Düşünürük və ümidvarıq ki, bizə qarşı olan yanaşma dəyişəcək. Buna görə də nikbin gözləntilərimiz var. Gözləntilərimiz həm də gələn ildən Ukraynada müharibənin başa çatması ilə bağlıdır. Ukraynada müharibənin bitməsi ilə regionumuzda bütövlükdə sabitlik yaranacaq və bizim ölkəmizdən də təzyiqlər uzaqlaşacaq", - deyə Kobaxidze bildirib.
Baş nazir hakim "Gürcü arzusu" partiyasının niyə alternativ aksiyalar etməməsi sualına belə cavab verib:
"Biz seçkilərdə çox mühüm qələbə qazandıq. Müxalifət məğlub oldu. Müvafiq olaraq da onlar azlıqdadır. Ancaq müxalif qüvvələr müəyyən aqressiv əməllər törədərək küçələrdə uğur qazanmaq istəyirlər. İstər küçələrdə, istərsə də seçkilərdə uğur qazanmaq üçün müəyyən resurslar lazımdır. Bu resurs da cəmiyyətin dəstəyidir. Onlarda cəmiyyətin dəstəyi olmadığı üçün küçələrdə də heç bir nəticə əldə edə bilmirlər. Bizim tərəfdaşlarımızdan küçələrə çıxmalarını istəməyə ehtiyac olmadı. Biz hakimiyyətdəyik. Fərqli yanaşmalarımız, məsuliyyətimiz var. Sadəcə buna ehtiyac yox idi. Əks halda, bizim həm seçkilərdə, həm də küçələrdə daha artıq insan resursumuz var.
Vəziyyət stabildir. Biz artıq yeni prezident seçirik. Onun andiçməsi olacaq və ondan sonra hər şey sakitləşəcək".
Kobaxizde aksiyalarda polisin təmkinlə davranmasının səbəbini belə izah edib:
"Biz bu illər ərzində xarici müdaxilənin dəstəyi ilə 4 çevriliş cəhdi gördük və hamısının qarşısını aldıq. Yenidən baş verəcək belə cəhdlərin qarşısını almağa dövlət sistemi hazırdır.
Təbii ki təxribatların törədilməsi heç vaxt istisna deyil. Dövlət struktarları çalışır ki, maksimum ehtiyatla və ayıq-sayıqlıqla davransınlar. Bu bizim hakimiyyətin dəsti-xəttidir. Biz həmişə mütənasiblik prinsipini qoruyuruq. Etirazlara qarşı maksimum güc tətbiq etməməyə çalışırıq. Tbilisi küçələrində qarşılaşdığımız zorakılığa yumşaq güclə cavab verməyə çalışırıq. Baxmayaraq ki, kobud hallar qeydə alınırdı, polislərimiz səbrli davranırdı".