Dekabrın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi bəzi ərazilərdə tədricən zəifləyib. Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 20, Naftalan və Mingəçevirdə 26, Gəncədə 20, Daşkəsən, Ağdam və Şəmkirdə 18 metrdir.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Unikal"a bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada sulu qar, qar yağır. Bəzi yerlərdə intensiv xarakterlidir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 6°-dək şaxta, Qarabağ və Şərqi-Zəngəzurda 2°-dək şaxta, dağlıq rayonlarda 9-14° şaxta, Aran rayonlarında 5°-dək isti təşkil edir.

***09:28

Dekabrın 14-ü saat 9:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə şimal-qərb küləyi güclənib. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatalada 34 m/s, Mingəçevirdə 32 m/s, Goranboyda 31 m/s, Tərtər, Naftalan, Ağdamda 30 m/s, Bərdə, Balakən, Şəki, İsmayıllı, Tərtərdə 28 m/s, Gəncə, Göyçayda 25 m/s, Yevlaxda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçala, Şahdağ, Zərdab, Şəmkir, Qəbələdə 20 m/s, Bərdə, Tovuz, Oğuzda 18 m/s, Qax, Sabirabadda 17 m/s, Gədəbəydə 16 m/s -yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.