Çində sürəti saatda 450 kilometrə çatan sərnişin qatarı CR450-nin prototipi hazırlanıb.

"Unikal" xəbər verir ki, istehsalçı olan Çin Dövlət Dəmir Yolu Qrupu qatarın yeni dünya standartlarını təyin edərək əməliyyat sürəti, enerji səmərəliliyi, səs-küyün azaldılması və əyləc səmərəliliyi kimi əsas sahələrdə digər modelləri üstələdiyini bildirib. Qatarın maksimum sürəti saatda 450 kilometr olsa da, onun əməliyyat sürəti 400 km/saat təyin edilib.

İstehsalçı yeni qatarın hərəkət müqavimətini 22 faiz, çəkisini isə 10 faiz azaltmaqla, enerji səmərəliliyini artırıb. Sürətin artmasına baxmayaraq, bu optimallaşdırmalar enerji istehlakını minimuma endirir və daha yüksək əməliyyat sürətində sabitlik təmin edir. CR450 hazırda Çində istismar olunan CR400-dən daha sürətli olmasına baxmayaraq, əyləc məsafəsi eynidir.

Qatarın interyeri sərnişinlərin rahatlığını artırmaq üçün dəyişdirilərək salonun sahəsi 4 faiz çoxaldılıb. Tənzimlənən baqaj rəfləri, velosipedlərin, əlil və uşaq arabalarının, digər iri əşyaların saxlanması üçün universal otaq sərnişinlərin tələbatını ödəməyə imkan verir.

Qatar saatda 400 kilometr sürətdə 17 komponent üzrə sınaqdan keçirilib. Bundan başqa, 3 min stimulyasiya, 2 min platforma testi baş tutub. CR450-nin yaxın vaxtlarda kütləvi istehsalına və istismarına başlanılması planlaşdırılıb.