Afrika ölkələrində Fransanın təsirinin azalması və Parisin planetin ikinci ən böyük qitəsində “arzuolunmaz oyunçuya” çevrilməsi fonunda Türkiyənin Afrikadakı mövqeləri güclənir. Ankara burada problemlərin və münaqişələrin həllində güclü tərəfdaş və vasitəçi kimi qəbul edilir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti yazır.
Nümunə kimi nəşr Somali və Efiopiya arasında münasibətlərdə yaranmış böhranın dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanmış Ankara Bəyannaməsinin mətnində əksini tapmasını göstərir.
Məqalədə xatırladılır ki, Moqadişo ilə Əddis-Əbəbə arasındakı fikir ayrılıqlarının həllində bir çox dövlətlərin vasitəçiliyi istənilən nəticəyə gətirib çıxarmayıb. “Prezident Ərdoğan məsələyə şəxsən müdaxilə etdikdən sonra vəziyyət dəyişdi. Ankaranın uğurlu diplomatiyası təkcə Afrika ölkələrinin problemlərini həll etmir, Türkiyənin Afrikadakı imicini gücləndirir, həm də iqtisadi əlaqələrin inkişafına kömək edir”, - deyə qəzet yazır.
Qeyd olunur ki, Türkiyənin Afrika ölkələri ilə ticarət dövriyyəsi 2023-cü ilin sonuna qədər 40 milyard dollara yüksəlib.
Nəşr Türkiyənin Afrika ölkələrindəki diplomatik nümayəndəliklərinin sayının 44-ə çatdığını bildirib.
Qeyd edilib ki, Ankaranın uğurları fonunda Paris qitədəki mövqelərini itirir, mənfi prosesləri ləngitmək və əvvəlki təsirini bərpa etmək üçün hər cür üsula əl atır.
Qəzet Fransanın Emmanuel Makronun rəhbərliyi altında nəinki Afrikada, hətta Qərbdə də çəkisinin olmadığını vurğulayır.