İctimai fəal Afiyəddin Məmmədova hökm oxunub.

"Unikal"ın məlumatına görə, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, Afiyəddin Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı Orxan Kəngərli təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.

Qeyd edək ki, Afiyəddin Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib.

Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.

Seymur Əli