Xorvatiya Baş nazirinin müavini və kənd təsərrüfatı naziri Josip Dabro istefa verib.
"Unikal" xəbər verir ki, Josip Dabro bu barədə feysbukda paylaşım edib.
Qeyd edək ki, bir gün öncə sağ yönümlü Vətən Hərəkatı Partiyasından hökumətdə təmsil olunan 42 yaşlı Josip Dabronun musiqi dinləyərkən hərəkətdə olan avtomobilin pəncərəsindən tapança ilə atəş açdığını əks etdirən görüntü yayılıb. Xorvatiya hökuməti onun davranışlarını “uyğunsuz və məsuliyyətsiz” adlandırıb.
Josip Dabro paylaşımında bildirib ki, görüntü bir neçə il əvvələ aiddir, tapançadan boş patrondan atəş açılıb. Josip Dabro qeyd edib ki, şəxsi vəziyyəti hökuməti və nazirliyi prioritetlərindən yayındırmamalı və ya zəruri islahatları gecikdirməməlidir. Sabiq nazir istefa məktubunda hökuməti də işini davam etdirməyə çağırıb.
Baş verənlərə baxmayaraq Vətən Hərəkatı Partiyasının lideri İvan Penava hakim koalisiyada təmsilçiliklərini davam etdirəcəyini açıqlayıb.