Hindistanın ən zəngin adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani Donald Trampın andiçmə mərasimində əzəmətli məbədlərdən ilhamlanan 100 ənənəvi motivli ipək saridə görünüb.
"Unikal" xəbər verir ki, onun geyimi Hindistanın zəngin mədəni irsinə hörmət kimi qəbul edilib.
Xüsusi sifarişlə hazırlanmış Kançipuram ipək sari geyinmiş Nita Ambaninin geyimində İruthalaipakşi (Tanrı Vişnunun ikibaşlı qartalı), Mayil (ölməzliyi simvolizə edən tovuz quşu) və Sorqavasal (Hind folklorundan heyvan izləri) kimi simvolik motivlər olub. İpək sari dizayner Maniş Malhotra tərəfindən məxmər bluza ilə kombinə edilib.
Görünüşünü daha da möhtəşəm etmək üçün Ambani 18-ci əsrə aid boyunbağı seçib. Qızıl kundan texnikasından istifadə edilməklə Cənubi Hindistanda hazırlanmış boyunbağı tutuquşuya bənzəyir və yaqut, zümrüd, brilyant və mirvarilərlə bəzədilib. Qırmızı və yaşıl mina detalları olan bu 200 illik şah əsəri hind zərgərlik məmulatlarının sonsuz gözəlliyini təcəssüm etdirib
Nita görünüşü təqribən 45.000 dollar dəyərində 24 karat qızılla örtülmüş qara rəngli nadir "Hermès Kelly Mini Timsah" çantası ilə tamamlayıb.