Suriyanın yeni hakimiyyət orqanları Tartus dəniz limanının idarə olunması üçün 2019-cu ildə Rusiya şirkəti ilə imzalanmış investisiya müqaviləsini ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb. 

Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudinin sözlərinə görə, Suriya keçid hökuməti limanın yenidən qurulması üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır: "Rusiya şirkəti ilə Tartus limanında sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin xeyrinə istifadə olunacaq". 

Qeyd edək ki, Suriya hökuməti Rusiyanın "Stroytransgaz" şirkəti ilə 2019-cu ildə investisiya müqaviləsi imzalayıb. Müqavilə 49 il müddətinə nəzərdə tutulub. Suriyanın keçmiş nəqliyyat naziri Əli Hammudun sözlərinə görə, sənəddə Rusiya tərəfinin limanı idarə edəcəyi və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoyacağı bildirilirdi.

Ağarza Elçinoğlu