Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Göydəniz Qəhrəmanovun sakinlərlə görüşü 13 nömrəli məktəbin  akt zalında baş tutub. 

Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri bina həyətlərinin abadlaşdırılması, liftlərin təmiri, sahibsiz itlərlə mübarizə, bina həyətlərində şlaqbaumun quraşdırılması, mənzillərdə istilik sisteminin işlək vəziyyətə gətirilməsi, yığılıb qalmış kommunal borclar, qurumuş ağacların budanması  və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib. Qəbuldan sonra RİH başçısı bəzi sakinlərin fərdi müracətlərini də dinlədi. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.