Yanvarın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Şiləvar inzibati ərazi dairəsinə daxil olan Şiləvar və Digah kəndlərinin sakinləri ilə cari ildə səyyar görüş-qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, səyyar qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə keçirilən səyyar görüşlərin önəminə toxunan icra başçısı bildirilib ki, səyyar görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.
Taleh Qaraşov səyyar görüş-qəbulda qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını və hər birinin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar veriləcəyini vurğulayıb. Görüşdə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid məsələlər yerindəcə həllini tapıb.
Digah və Şiləvar kəndlərinin sakinləri rayon rəhbərliyi ilə birbaşa dialoq qurmaqdan məmnun olduqlarını bildiriblər. Yerli insanlar Lənkəranda görülən işlərə, həyata keçirilən sosial layihələrə, vətəndaş-məmur arasında maneəsiz, birbaşa münasibətlərin, etimad mühitinin daha da gücləndirilməsinə görə cənab
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.