Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Xol Qaraqaşlı kənd sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə inşa olunan şəhid abidə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb. İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı kənd ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Xol Qaraqaşlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “20 Yanvar faciəsi-Azərbaycan xalqının fədakarlıq, müstəqillik və azadlıq uğrunda mübarizə rəmzidir”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Çıxışçılar Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsindən artıq 35 il ötməsini, tarixə “Qanlı Yanvar” kimi həkk olunan bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilən ən ağır cinayətlərdən biri olduğunu qeyd ediblər. Bu faciənin Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunması haqqında iştirakçılara geniş məlumat verildi.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdəki əhəmiyyətini zaman keçdikcə daha aydın dərk edirik. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizədə ilk şəhidlərini verdi. Öz həyatlarını qurban verən qəhrəmanlarımız göstərdikləri misilsiz fədakarlıqla azadlıq yolunda xalqımızın şərəfli tarixində yeni səhifə açdılar. Bu faciənin ən önəmli məqamlarından biri də xalqın birliyinin və milli iradəsinin imperiyanın gücünə qalib gəlməsi idi. Otuz beş il əvvəl başlanan çətin və şərəfli yol xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan böyük Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd etdi.

RİH-in başçısı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmasının vəzifəsi olduğunu vurğuladı. Xalq və dövlət birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad olundu və xalqımız bir daha sübut etdi ki, öz Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi, konkret tövsiyə və tapşırıqlarını vermişdir. Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoymuşdur.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar məktəbə gedən avtomobil yolunun təmiri, Xol Qaraqaşlı kənd ASM-ə təcili tibbi yardım maşının verilməsi, suvarma kanalında səviyyə qapısının düzəldilməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.