Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 48-ci məhəllədə səyyar görüşü keçirilib.

"Unikal" xəbər verir ki, ənənəvi olaraq həftəlik təşkil edilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Vətəndaşlarla birbaşa ünsiyyət quran şəhər rəhbəri onların müraciətlərini diqqətlə dinləyib. Sosial müdafiə, mənzil-məişət və məşğulluq məsələləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan problemlərin bir çoxu yerindəcə öz həllini tapıb.

Zakir Fərəcov görüş zamanı araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. O, bu tapşırıqların qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə icra olunmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, bu cür səyyar görüşlər Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən müntəzəm olaraq həyata keçirilir.