Yanvarın 26-da Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib.

Bu barədə "Unikal"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, paytaxtdakı 258 və 47 nömrəli tam orta məktəblərdə təşkil olunan imtahanlarda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə eksternlər hər birindən 10 sual olmaqla 11 fənn üzrə biliklərini nümayiş etdiriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha bir fəndən də (Azərbaycan dili) imtahan veriblər.

Eksternat imtahanlarında iştirak etmək üçün BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 322 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 910 nəfər olmaqla, ümumilikdə 1 232 şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri imtahan prosesini müşahidə ediblər.