Azərbaycanın Yunanıstandakı səfirliyində biabırçı hadisə baş verib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, səfir Arif Məmmədov və yaxın dostu, ikinci katib Qafqaz Aslansoy birlikdə Rəhman adlı birinci katibi döyüblər.

Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb.

R.Şahhüseynlinin bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə daxil olan məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırmalar aparılıb.

Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.

Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.

Həmçinin qurumdan bildirilib ki, R.Şahhüseynlinin XİN-in mərkəzi aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verib və nəticədə ona 2021-ci ilin noyabr ayında töhmət verilib.