Yanvarın 28-də Lənkəran rayonu Mərkəzi Bazar-Separadi xətti üzrə işləyən “İsuzu” markalı sərnişin avtobusu Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində “VAZ”-2107 markalı avtomobillə toqquşması nəticəsində avtobusda olan 24 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov hadisədən dərhal sonra xəsarət alanlara baş çəkib, tibbi heyətdən onların vəziyyəti, sağlıq durumu, müalicənin gedişatı ilə bağlı məlumat alıb. Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin yüngül travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətlərinə uyğun olaraq bir çoxu ambulator müalicə üçün evlərinə buraxılacaq.  

İcra başçısı qeyd edib ki, dövlət hər zaman bütün imkanları ilə vətəndaşının yanındadır, onların tezliklə tam sağalmaları üçün mümkün olan lazımi tədbirləri bundan sonra da davam etdirəcəkdir. Taleh Qaraşov xəsarət alanlara tanrıdan şəfa və tez sağalmalarını diləyib.