"Avroviziya 2025" təmsilçimizin kimliyi fevralın 4-də bəlli olacaq.
"Unikal" xəbər verir ki, İTV bununla bağlı məlumat yayıb.
"Azərbaycanın musiqi dünyasının səkkiz peşəkarı və xarici musiqi nümayəndələri tərəfindən tam şəffaf və ilk dəfə anonim şəkildə səsvermə keçirilib. Münsiflər heyətinin siyahısında məşhur repçi Elşad Xose, “Avroviziya 2017” təmsilçimiz Diana Hacıyeva, “Avroviziya 2009” təmsilçimiz Aysel Teymurzadə, DJ və prodüser Heydər, Xalq artisti Faiq Sücəddinov, Əməkdar artisti Rain Sultanov, aparıcı və İctimai Radionun Direktoru DJ Fateh, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımov yer alıblar.
154 mahnı arasından seçilmiş 12 namizəd səsvermə mərhələsinə keçmiş və onların arasından yerli və xarici musiqi nümayəndələrinin səsverməsi nəticəsində “Avroviziya 2025” təmsilçimiz müəyyən edilib" deyə, məlumatda qeyd edilib.
Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.
Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.
Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.