Son vaxtlar nəticələri ilə azarkeşlərini sevindirmədiyi üçün təzyiq altında olan “Yuventus”un baş məşqçisi Tyaqo Mottanı yaxın gələcəkdə postundan qovulmaq təhlükəsi gözləmir.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin iddiasına görə, Turin klubunun rəsmiləri hələ də Mottaya etibar edirlər. Eyni zamanda, “qoca sinyora”nın bosslarının bu mövsüm üçün minimal hədəflər qoyduğu qeyd edilir. Belə ki, rəhbərlik komandanın qarşısına Çempionlar Liqasının 1/8 finalına yüksəlməyi hədəf qoyub. Mottanın yetirmələri bunun üçün PSV-ni keçməlidir.
"Yuventus" hazırda A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.