58 yaşlı əfsanəvi boksçu Mayk Tayson ötən ilin noyabrında Ceyk Polla rinqə çıxıb. Bu döyüş ona külli miqdarda pul qazandırsa da, milyonlarla dollar Taysonun bank hesabında uzun müddət qalmadı. İddialara görə, o, qazandığı pulu yeni evə xərcləyib.
"Unikal" "Sportnieuws" istinadən xəbər verir ki, əfsanəvi boksçunun bu oyundan 20 milyon dollar qazanıb. Bununla belə, onun qazandığı böyük məbləğin böyük hissəsini bir neçə ay ərzində xərcləyib.
Belə ki, Mayk Tayson Florida ştatının "Delray Beach"də lüks villa alıb. Sahəsi 1140 kvadratmetr olan bu evdə altı yataq otağı və doqquz vanna otağı var. Bundan əlavə, malikanədə üzgüçülük hovuzu, qapalı terras, şəlalə kimi şəraitdə var. Evin digər diqqətəlayiq xüsusiyyətlərinə idman zalı və dörd maşınlıq qaraj daxildir.
Mülkiyyətin 13 milyon dollara başa gəldiyi iddia edilir.
Mayk Tayson boks dünyasında "Dəmir Mayk" kimi tanınan əfsanəvi addır. Sürətli nokautları ilə tanınan Tayson, karyerasında 400 milyon dollar qazandığı bildirilsə də, bütün var-dövlətini itirmiş bir fiqurdur. Bir vaxtlar bankda 300 milyon dolları olan Taysonun dəbdəbəli avtomobilləri, geniş dost çevrəsi, bağçasında gəzən Sibir pələngləri və 21 otaqlı nəhəng malikanəsi var idi. Lakin bu sərvət Taysonun həyatında qısa ömür sürüb.
Tayson Nyu-Yorkun Brownsville şəhərində kasıb ailədə dünyaya göz açıb. 22 yaşı tamam olmamış Mayk dünyanın ən qorxulu boksçusu kimi tanınırdı. Bununla belə, onun şöhrət və var-dövlətlə gələn vəzifələrin öhdəsindən gəlmək təcrübəsi yox idi. Tayson sərvətini idarə etməkdə çətinlik çəkirdi və onun xərcləri onu tez bir zamanda iflasa apardı.
1990-cı ildə Baster Duqlasa çempionluğunu itirən Taysonun həyatı dəyişib. Tezliklə o, ABŞ Gözəllik Kraliçası Dezir Vaşinqtonu zorlamaqda günahlandırılıb və 6 il həbs cəzasına məhkum edilib. 1995-ci ildə azadlığa çıxan Taysonun bankda hələ də 300 milyon dolları var idi. Lakin onun azadlığa çıxdıqdan sonra ilk 33 aydakı xərcləri heyrətləndirici idi:
- 4,5 milyon dollar avtomobil və motosiklet (onlardan 19-u dostlara hədiyyə edilib)
- Ayda 100.000 dollar zinət əşyaları və geyimlər
- Sibir pələngləri və göyərçinləri üçün 400.000 dollar
- Zoopark işçisi üçün ildə 125.000 dollar
- Gündəlik xərclər üçün ayda 240.000 dollar,
- telefonlar 200 min dollar.
"Tayson tez-tez maşınlarını dostlarına borc verirdi və onların harada olduğunu unudurdu. Onun əməkdaşları daim itirilmiş avtomobilləri tapmağa çalışırdılar. Bütün bu xərclər təkcə Taysonun çılğın həyat tərzini deyil, həm də ətrafındakıların ondan qazanc əldə etməyə çalışdıqlarını göstərir. 2007-ci ildə iflasa uğrayan Tayson son matçı ilə yenidən milyonların sahibi olub. Amma yenə o bütün pulunu xərcləyib", - KİV yazıb.
Gülayə Mecid