Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Synergia Academy”nin İdarə heyətinin üzvləri ilə növbəti görüş keçirilib.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov “Synergia Academy”nin nümayəndələrini rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu ifadə edib və bildirib ki, ATMU hər zaman istər tələbə, istərsə də professor-müəllim heyəti üçün faydalı əməkdaşlıqlara üstünlük verib, yeniliklərə hazır olub. Daha sonra tərəflər universitetin tələbələrinin və məzunlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə bir sıra önəmli məsələləri gündəmə gətirib. Onların daha uğurlu karyera qurması üçün təlimlərin təşkili, həmçinin sənaye müəssisələri ilə universitet arasında əlaqələrin yaradılması məsələləri geniş müzakirə olunub.
Təklif olunan əməkdaşlıq çərçivəsində tələbələrin iş dünyasına hazırlığını gücləndirəcək və onların peşəkar bacarıqlarını artıracaq birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda ATMU ilə “Snergia Academy” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Müvafiq layihələrin həyata keçirilməsinin mümkün olduğunu ifadə edən əməkdaşlıqla universitetin tədris və peşəkar inkişaf sahəsindəki fəaliyyətini daha da gücləndirəcəyi, tələbələr üçün yeni perspektivlər yaradılacağı planlaşdırılır.