Türkiyənin Qazi Universitetinin professoru Mahir Dursun Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) səfərdə olub. Səfər çərçivəsində professor universitetin İnşaat konstruksiyası, Meliorasiya və su təsərrüfatı tikintisi, Materialşünaslıq, Mexanika, İnformasiya texnologiyaları və sistemləri, Maşın və mexanika mühəndisliyi kafedralarının professor-müəllim heyəti ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşdə elmi araşdırmaların aktuallığı, müasir texnologiyaların mühəndislik sahəsinə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova çıxış edərək universitetlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, iki ali təhsil müəssisəsi arasında birgə elmi tədqiqatların aparılması, akademik heyətin mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq imkanlarına toxunub. 

Professor Mahir Dursun öz çıxışında süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, elmi tədqiqatlarda tətbiqi və müasir mühəndislik sahəsində rolu barədə ətraflı məlumat verib. O, bu sahədə aparılan beynəlxalq araşdırmaların mühəndislik elmlərinə təsirindən danışaraq, süni intellektin elmi innovasiyalara gətirdiyi yeniliklərə diqqət çəkib.

Bundan əlavə professor Mahir Dursun “Scopus” bazasında məqalə nəşr etdirmə prosesi, beynəlxalq elmi jurnallara məqalə göndərmə qaydaları və akademik nəşrlərin keyfiyyət standartları haqqında nəzəri və praktik təcrübələrini bölüşüb.

Yekunda danışılan məsələlərlə bağlı qonaq professora akademik heyət tərəfindən suallar ünvanlanıb, müzakirələr aparılıb və gələcək əməkdaşlıq perspektivlərindən danışılıb.