Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə “Adlı təqaüd” təqdim edilib. Mükafatçılar sırasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 6 tələbəsi də yer alıb.

"Unikal" xəbər verir ki, tədbir AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilib. Tədbirdə Konfederasiya və ATİAHİRK rəhbərləri, nüfuzlu ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, eləcə də AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən AHİK-nin sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gənclərin potensialının inkişafı və yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işlərdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin vətənpərvər ruhda böyüməsi, onların bilik və bacarıqlarının artırılması, sosial rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri vurğulayıb. Heydər Əliyev Fondunun Azərbaycan gəncliyinin inkişafına verdiyi töhfələri qeyd edərək Birinci vitse-prezident Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində uğurlu layihələrə rəhbərlik etdiyini bildirib.

Çıxışlarda bildirilib ki, AHİK dövlətin gənclər siyasətinə dəstək verir, onların sosial müdafiəsini gücləndirmək, əmək hüquqlarını qorumaq və potensialını inkişaf etdirmək məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri olan “Adlı təqaüd” proqramı tələbələrin elm və təhsilə marağını artırmağa xidmət edir.

Tədbirin sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub. Təqaüd alan gənclər çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa və elmə maraqlarını artırmağa təşviq etdiyini bildiriblər.