"ABŞ Prezidenti Donald Tramp bəyan etmir ki, o münaqişəni bitirmək istəyir. O, hərbi əməliyyatları dayandırmaq istəyir. Münaqişəni təşkil edən məsələlər gələcəkdə hansısa danışıqlar formatında müzakirə olunacaq".
Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-la Rusiya arasında keçirilən danışıqları şərh edərkən deyib. Onun sözlərinə görə, ssenari qismən də olsa, bizim 1994-cü ildə olan vəziyyətə çox oxşayır:
"Yəni, biz də münaqişəni bitirməmişdik. Atəşkəs rejiminə nail olmuşduq və bundan sonra bəyan etdik ki, məsələ sülh yolu ilə həll ediləcək. Bu da Minsk qrupunun tələbi idi. İndi Tramp deyir ki, hərbi üslubları istifadə etməklə nə Rusiya, nə də Ukrayna öz məqsədlərinə çata bilməz. Həmçinin, Ukrayna Rusiyanı məcbur edə bilməz ki, o torpaqları azad etsin. O cümlədən Rusiya əvvəllər söyləyirdi ki, Kiyevi 3 günə götürəcək. O da buna qadir deyil. İndiki vəziyyətdə hərbi əməliyatları davam etdirmək ona gətirib çıxaracaq ki, Rusiya ya NATO, ya da ABŞ-la qarşı-qarşıya qalacaq. İstisna olunmur ki, hansısa mərhələdə onların hərbi əməliyyatları bir-biri ilə qarşılaşsın və nüvə silahından istifadə edilsin. Burada ayrı ssenari mümkün deyil. Bu hərbi əməliyyatları dayandırmaq, vəziyyəti dondurmaq üçün səylər göstərilir".
Eks-nazir qeyd edib ki, burada həm Rusiyanın, həm Ukraynanın, həm də Qərbin öz siyasi tələbləri var: "Bu mövzular sonra diplomatik danışıqlarla müzakirə oluna biləcək. Bəllidir ki, bu danışıqlar heç bir nəticə verməyəcək. Belə görünür ki, Ukrayna kömək olmasa hərbi əməliyyatları davam etdirmək iqtidarından deyil. Həm də Rusiya yetərincə zəifləyib və başa düşür ki, indiki mərhələdə öz məqsədlərinə çatmaq mümkün deyil. Bunu da qeyd edim ki, indiyə qədər Rusiyanın məqsədləri başa düşülən deyil. Amma Qərb öz istəyinə nail olub. Rusiya və Ukrayna arasında olan münaqişə uzunmüddətli siyasi faktor olacaq. Rusiyaya və Ukraynaya təsir etmək üçün münaqişədən istifadən olunacaq. Yəni, münaqişə ilə idarəetmə üslubu artıq formalaşıb. Düşünürəm ki, atəşkəs rejimi şəraitində Rusiya və Ukrayna arasında uzunmüddətli nəticəsiz danışıqlar davam edəcək".
Anar Kəlbiyev