Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.Səmədovun anket məlumatları dəqiqləşdirilib.
Sonra təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Müşavirədən qayıdan hakim heyəti vəsatəti təmin etməyib və cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası 7 mart tarixinə təyin olunub.
Bildirək ki, iş üzrə növbəti proseslər qapalı keçiriləcək.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Seymur Əli