Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Dolmabaxça sarayında keçirilən görüşdə Matviyenko Ərdoğana Rusiya prezidenti Vladimir Putinin ikitərəfli münasibətlərə dair məsələlər və cari beynəlxalq gündəmlə bağlı şifahi mesajını çatdırıb.

"Federasiya Şurasının sədri Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli münasibətlərə və cari beynəlxalq gündəmə dair şifahi mesajını Türkiyə dövlətinin başçısına çatdırıb. O, Türkiyə prezidentinə bir müddət əvvəl Ankarada türk parlamentariləri ilə baş tutan məhsuldar təmaslar, iki ölkə liderləri tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsinin sürətləndirilməsi üçün birgə iş üzrə əldə olunmuş razılıq barədə məlumat verib", - Rusiya FŞ-nin məlumatında deyilir.

Matviyenko Rusiya nümayəndə heyətinə göstərilən səmimi qəbula görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Qeyd edək ki, Matviyenko fevralın 26-27-də Türkiyədə rəsmi səfərdədir.