ABŞ prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb, əks təqdirdə onları ciddi nəticələrlə hədələyib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bütün girovları indi buraxın! Əks halda sizin üçün hər şey bitdi. Qarşıda sizi parlaq gələcək gözləyir, amma girov saxlamağa davam etsəniz yox. Ağıllı qərar verin - ya indi buraxın, ya da qiymətini ödəyin, bu son xəbərdarlığımdır", - Tramp qeyd edib.
Xatırladaq ki, martın 5-də Amerikanın "Axios" portalı ABŞ nümayəndələrinin Qəzza zolağında münaqişəyə son qoyulması və girovların azad edilməsi ilə bağlı Fələstinin HƏMAS hərəkatı ilə gizli danışıqlar apardığını bildirib.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməli idi. Şənbə günü, martın 2-də atəşkəsin birinci mərhələsi başa çatıb, lakin İsrail və HƏMAS hələ də ikinci barədə razılığa gələ bilməyiblər.
Gülayə Mecid