"Ermənistan ictimaiyyəti və hakimiyyəti bu gün sülhə hazır deyil. Gec-tez bu sülh olmalıdır. Biz də qalib tərəf kimi daha çox ictimaiyyəti, o cümlədən erməni ictimaiyyətini bu istiqamətə hədəfləməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirdiyi ictimai dinləmədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
"Ermənistan ictimaiyyətinə çatdırmalıyıq ki, gəlib sizin ərazi bütövlüyünüzə və s. müdaxiləmiz yoxdur. Biz oraya qayıtmaq, lazımdırsa orada yaşamaq, fəaliyyət göstərmək və yaxud ən azı dədə-baba yurdlarımızı, məscidlərimizi, qəbirlərimizi ziyarət, bərpa etmək və s. ilkin hədəflərimizdir", - deyə komitə sədri bildirib.
M.Quliyev qeyd edib ki, kəmiyyətə yox, keyfiyyətə hesablanan işlərə maliyyə ayırmalıyıq: “Biz daxili auditoriya üçün kifayət qədər iş görmüşük. Biz artıq beynəlxalq arenaya çıxmaq, xarici auditoriyanı daha çox bu məqsədə hazırlamaq, hədəfimizi onlara çatdırmaq üçün işləri genişləndirməliyik. Həm dövlət büdcəsi, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə bu işlər maliyyələşməlidir. Digər tərəfdən, başqa vasitələr də axtarmalıyıq. Nə qədər iş adamlarımız, xeyriyyəçilərimiz var. Onlar da bu işə cəlb olunmalı, kənarda qalmalı deyil. Amma biz daha çox kəmiyyətə yox, keyfiyyətə hesablanan işlərə maliyyə ayırmalıyıq. Nəticələri hesablamalıyıq, xaricdə təşkil olunan tədbirlərdə neçə xarici ölkə vətəndaşı orda olacaq və s kimi məsələlərə diqqət etməliyik. Xarici auditoriya üçün maraqlı olan mövzulara yer verməliyik. Məsələn, bizim toylarımızda “İrəvanda xal qalmadı” mahnısını çaldırıb oxudursa, bu, bizim üçün maraqlıdır. Amma xarici auditoriya üçün hansı mövzuları qoymalıyıq ki, onlar üçün maraqlı olsun”.
Anar Kəlbiyev