Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Bundan başqa, AMB inflyasiya faizini də elan edib. Bildirilib ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.

Bəs görəsən, bundan sonrakı dövrdə Azərbaycanda inflyasiya faizi və məhsulların qiyməti necə dəyişəcək?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, inflyasiya ilə bağlı əks etdirilən rəqəmlər rəsmi statistikanın və qəbul edilmiş hesablama metologiyasının nəticəsi olaraq ortaya çıxır:

“Yəni, elan olunan rəqəmlərə şübhə etmək qeyri-peşəkarlıq olardı. Digər tərəfdən, rəsmi rəqəmlərlə əhalinin hiss etdiyi qiymət artımları arasında fərq var. Bu, onunla əlaqədardır ki, iflyasiya göstəriciləri hesablanarkən 528 adda mal və xidmətlər nəzərə alınır. Həmin malların qiymətləri ilə bağlı ölkənin 55 bölgəsində aparılmış hesablamaların nəticəsi olaraq inflyasiya göstəricisi ortaya çıxır.

Amma bunların arasında insanların ildə bir dəfə və ya ümumiyyətlə istifadə etmədiyi məhsullar da var. Elə məhsullar var ki, insanlar ondan az istifadə etsə belə, həmin məhsulların qiymət artımının az olması orta statistik iflyasiya göstəricisinin aşağı olması ilə nəticələnir.

Onu da qeyd edim ki, 2024-cü illə müqayisədə 2025-ci ildə ərzaq və qeyri-ərzaq məhsulları üzrə inflyasiya göstəriciləri üzrə bir qədər artım müşahidə ediləcək", - deyə o əlavə edib.

Murad İbrahimli