"Azərbaycan beynəlxalq aləmdə fəal rol oynayaraq bir sıra nüfuzlu təşkilatlara üzv olub və qlobal məsələlərin həllində iştirakını artırıb. Bu fəallıq çərçivəsində Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlıq və dialoq üçün mühüm platformaya çevrilib".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. Deputat bildirib ki, XII Qlobal Bakı Forumu da beynəlxalq əməkdaşlığı gücləndirərək, qarşılaşdığımız çağırışlara birlikdə həll yolları tapmağa imkan yaradır:

"13-15 mart tarixlərində keçirilən Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin beynəlxalq arenada artan rolunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir daha qeyd edib və ədalətli dünya düzəni ilə əlaqədar ölkəmizin mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü ilə ərazilərini azad edərək beynəlxalq hüququn prinsiplərini bərpa edib. Cənab İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsidir. Dövlət başçısı diqqətə çatdırıb ki, bəzi qüvvələr Azərbaycanın bu siyasətini dəyişdirməyə çalışsalar da, həmin cəhdlər uğursuz olub: “Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi”. Dövlət başçısı Forumda çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrini diqqətə çatdırıb. İşğal nəticəsində xalqımızın çəkdiyi əzablar yaddan çıxarıla bilməz. Azad olunmuş ərazilərə səfər edən hər kəs Ermənistanın törətdiyi vandalizmi və mədəni irsimizə qarşı zərbələri aydın şəkildə görə bilər. 65 məscidin dağıdılması, dini obyektlərin təhqir edilməsi və Xocalı soyqırımı kimi faciələr Azərbaycan xalqının yaddaşından silinməyəcək. Dövlət başçısının qeyd etdiyi kimi, gələcəyə baxmaq və Cənubi Qafqazda sülhə nail olmaq vacibdir. Azərbaycan bu istiqamətdə sülh prosesinin təşəbbüskarı olub və Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin müəllifidir".

Milli Məclisin üzvü qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri də Azərbaycanın ədalət və beynəlxalq hüquq uğrunda mübarizəsi oldu:

"BMT Təhlükəsizlik Şurasının 27 il ərzində icra edilməyən qətnamələri Azərbaycanın güclü iradəsi və hərbi qüdrəti sayəsində həyata keçirildi. Əgər Azərbaycan torpaqlarını hərbi yolla azad etməsəydi, bu qətnamələr növbəti 27 il də kağız üzərində qalardı. Bu mübarizə nəinki Azərbaycan xalqının güclü iradəsini, həm də beynəlxalq ədalətin bərpasını nümayiş etdirir. Azərbaycan Prezidentinin sözlərinə görə, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə etmək lazımdır: “Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir”.

XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq arenada mövqeyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsini bir daha nümayiş etdirir. Forum dövlətimizin qlobal məsələlərin həllində artan rolunu və aparıcı güc mərkəzləri ilə əməkdaşlıq potensialını bir daha təsdiqləyir. Azərbaycan beynəlxalq hüququn və ədalətin tərəfdarı olaraq, ədalətli qlobal geosiyasi nizamın formalaşmasında öz rolunu oynamağa hazırdır".