"Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin təlatümlər və qeyri-müəyyənliklər fonunda dövlət liderlərinin mövqeləri və yanaşmaları xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bu baxımdan regional və qlobal proseslərə dair mühüm fikirlər və strateji istiqamətlər ehtiva edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Deputatın sözlərinə görə, bu müsahibə həm regional sabitliyin təminatında yeni konseptual yanaşmaların vacibliyini, həm də beynəlxalq müstəvidə formalaşan yeni güc balanslarının düzgün dəyərləndirilməsini ön plana çıxarır.
"XII Qlobal Bakı Forumu ideyaların mübadiləsi, perspektivlərin formalaşdırılması və qlobal çağırışlara cavab yollarının axtarış platforması kimi diqqət çəkir. Dövlətimizin başçısı müsahibəsində qeyd edib ki, bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının Bakı Forumunda iştirakı müzakirələrin daha dərin və məzmunlu şəkildə aparılmasına imkan yaradır.
Cənab İlham Əliyevin müsahibəsində əsas məqamlardan biri ondan ibarətdir ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir, bildiyimiz dünya nizamı artıq mövcud deyil. Qlobal nizama dair ortaq təsəvvürlər parçalanmaqdadır. Hazırda yeni qaydaların formalaşma mərhələsidir, lakin bu qaydaların konturları hələ də qeyri-müəyyəndir. Müsahibədə Cənubi Qafqazla bağlı toxunulan məsələlər geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub, hazırda nisbətən sakit dövrdəyik və diqqətimizi buna yönəltməliyik: “Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Ermənistanla hələ də sülh sazişinin imzalanmaması regionda davamlı sabitliyin təmin olunmasına maneə yaradır. Bu, təkcə Cənubi Qafqaz üçün deyil, bütün münaqişəli regionlar üçün aktual mesajdır. Yalnız siyasi sənədlə təsbit olunan sülh daimi sabitliyi təmin edə bilər.
Cənab İlham Əliyev, həmçinin müsahibəsində bildirib ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, həm daxili strateji uğur, həm də beynəlxalq səviyyədə model kimi təqdim edilə biləcək bir nəticədir. Tarixi zəfərlər yalnız hərbi deyil, həm də siyasi və hüquqi baxımdan bütövlükdə həyata keçirilmiş bir milli strategiyanın nəticəsidir".