Xalqımızın qədim el bayramı Novruzun gəlişi Ağstafada ümumrayon bayram tədbiri ilə qeyd olunub. 

"Unikal" xəbər verir ki, Ağstafa şəhəri, Heydər Əliyev parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə parkın ərazisində Novruz atributları, milli ornamentlərlə bəzədilmiş istedadlı ağstafalıların əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olub, Novruzun personajları olan bahar qız, Kosa və Keçəlin məzəli zarafatları ilə  xalqımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini ehtiva edən ədəbi-bədii kompozisiyalara, eləcə də idmanın müxtəlif növləri üzrə gənclərin nümunəvi çıxışlarına tamaşa ediblər, həmçinin milli geyimli xanımların təqdim etdikləri bayram xonçalarındakı təamlardan dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar.

Bayram səhnəsindən təbriklərini çatdıran Seymur Orucov qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir.  Vətəni qarşısında misilsiz fədakarlığı ilə xalqın yaddaşında əbədilik qazanmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xətti ilə  hər bir xalqın və millətin ən müqəddəs arzusu olan müstəqillik və suverenlik dəyərləri bərpa olundu. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan  müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. 

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı, o cümlədən ağstafalı tanınmış şairə Cığatel İsaqızının çıxışı ağstafalılar tərəfindən rəğbətlə qarşılanıb. 

Bayram tədbirində Novruz tonqalı alovlandırılıb və ətrafında xalqımızın güc, harmoniya, birlik simvolu olan milli Yallı rəqsi oynanılıb.