"Azərbaycan Minsk prosesi strukturlarının dayandırılmasını tələb edir".

"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Vyanada ATƏT Daimi Şurasının Ermənistanın xahişi ilə çağırılan xüsusi sessiyasında çıxışı zamanı deyib. 

Diplomat qeyd edib ki, İrəvan ATƏT-in Minsk prosesi strukturlarının dayandırılması məsələsini nəzərdən keçirməyə hazırdır: "Rəsmi və institusional olaraq münaqişənin sona çatdığını qeyd edən Sülh Sazişi imzalanandan sonra Minsk prosesi strukturlarının gələcək fəaliyyətinə ehtiyac qalmayacaq. 

Biz Cənubi Qafqazda davamlı sülhün bərqərar olması öhdəliyimizə sadiqik. Bizim dinc və sabit regiona sadiqliyimiz sadəcə siyasi mövqe deyil, bu, regionumuzun və xalqımızın gələcəyi üçün strateji seçimdir. 

Bu münaqişənin həlli ATƏT-in məsuliyyət zonasında ən həssas və qeyri-sabit regionlardan birində uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün vacib olaraq qalır. Sülhün müharibədən, diplomatiyanın qarşıdurmadan, sabitliyin qeyri-müəyyənlikdən üstün olması bütün tərəflərin maraqlarına uyğun olmalıdır.

Sonda bir daha qeyd edim ki, Ermənistan tərəfi Sülh Sazişini imzalamağa hazırdır və təklif edir ki, Azərbaycan tərəfi sənədin imzalanma tarixi və yeri ilə bağlı məsləhətləşmələrə başlasın. Biz müharibəyə yox, sülhə gedirik".

Ağarza Elçinoğlu