Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.

"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs Arayik Harutyunyan dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən danışıb, onu məcburiyyətdən “Təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.

A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.

Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.