"İntensiv yağışlar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edirlər".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, yağışların intensivliyi nəticəsində bəzi ərazilərdə subasma hallarının baş verməməsi üçün həmin ərazilər əvvəlcədən nəzarətə götürülüb, texnika, mal-material və işçi heyəti ilə təmin olunub.

Qeyd edilib ki, hava şəraitindən asılı olmayaraq şəbəkələr vasitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri müntəzəm həyata keçirilir:

"Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. İntensiv yağışlar zamanı isə bu işlər daha da gücləndirilmiş şəkildə icra edilir.

Hazırda hava şəraiti ilə əlaqədar sukanal idarələrin məsul əməkdaşları yağış sularının idarə olunmasını nəzarətdə saxlayırlar, baş verəcək fəsadların qarşısının öncədən alınması məqsədilə işlər həyata keçirirlər".