2025-ci ilin fevral ayında Santa-Fedəki evlərində ölü tapılan əfsanəvi "Oskar" mükafatlı aktyor Cin Hekmanın (95) və onun 34 illik həyat yoldaşı Betsi Arakavanın (65) ölümləri ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən yayılan tibbi hesabatlar cütlüyün həyat şəraitinin yaxşı olmadığını ortaya qoyub.
Məlumata görə, Arakavanın ölüm səbəbi nadir və adətən ölümcül bir vəziyyət olan hantavirus ağciyər sindromu olub. Bu virus adətən gəmiricilərin nəcisi, sidik və ya tüpürcək vasitəsilə ötürülür. Cütlüyün 4 milyon dollarlıq malikanəsində və əmlakı əhatə edən doqquz yardımçı tikilidə gəmirici nəcisləri, yuvalar və ölü siçanlar aşkar edilib.
Arakavanın ölümündən əvvəlki günlərdə nəfəs darlığı üçün internetdə axtarış apardığı, hətta oksigen çəni sifariş etdiyi və yerli klinikadan randevu tələb etdiyi müəyyən edilib.
Həyat yoldaşının ölümündən təxminən bir həftə sonra Hekmanın cansız bədəni evin başqa hissəsində tapılıb. Alzheimer xəstəliyini irəliləyən aktyorun həyat yoldaşının ölümündən xəbərsiz olduğu və ürək xəstəliyindən öldüyü təxmin edilir.
Polisin hesabatları evin bir çox hissəsinin səliqəsiz və gigiyenik olmayan vəziyyətdə olduğunu təsdiqləyir. Xüsusilə hamam otağında siçan yuvalarının aşkarlandığı bildirilir.
Qeyd edək ki, Cin Hekman "Crimson Tide", "Enemy of the State", "Behinf Enemy Lines", "The Quick and the Dead" və digər filmlərdə rol alıb.
Gülayə Mecid